Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

Hövsan qəsəbəsində qəbirstanlıqdan və evlərdən oğurluqlar edən 3 nəfər saxlanılıb
24 noyabr 2021 17:10Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Hövsan qəsəbəsində yerləşən qəbirstanlıqdan dəyəri 400 manat olan qəbir daşını oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Şirməmməd Məmmədov tutulub. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Hövsan qəsəbəsində evlərdən birinin dəyəri 400 manat olan dəmir darvazasını və qəsəbə ərazisində yerləşən piyada keçidinin avadanlıqlarını oğurlayan Ağsu rayon sakini Rahim Məmmədov da saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 2 qram narkotik vasitə heroin də aşkar edilib.

İdarə əməkdaşlarının Hövsan qəsəbəsində həyata keçirdikləri digər əməliyyat zamanı isə evlərdən oğurluq edən daha bir nəfər - qəsəbə sakini Azər Əliyev saxlanılıb. Onun Hövsan qəsəbəsində iki mənzildən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Təqdim edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Şirməmməd Məmmədov, Azər Əliyev və Rahim Məmmədovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Suraxanı Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına  məlumat verə bilərlər.

Sabunçu rayonunda qəlyandan istifadəyə şərait yaradan çay evinin sahibi və müştəriləri cərimələnib
24 noyabr 2021 14:37Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində müştərilərə qəlyan təklif edilməsi hallarına rast gəlinməkdədir. Qeyd edilən neqativ halların qarşısının alınması, qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması istiqamətində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Növbəti belə tədbir zamanı Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Frend House” çay evində qəlyandan istifadə edilməsi barədə polisə məlumat daxil olub. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Orada qəlyandan istifadə edən 16 nəfərin hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400, çay evinin sahibi Teymur Quliyev isə 4000 manat məbləğində cərimələnib.

Yasamal rayonunda sosial şəbəkələr vasitə ilə narkotik maddələrin satışını həyata keçirən və məktəbliyə qarşı quldurluq edən iki nəfər saxlanılıb
24 noyabr 2021 11:22Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növəti əməliyyat nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Vüsal Yaqubov saxlanılıb. Onun üzərinə baxış zamanı 170     qram heroin və 50 qram metamfetamin aşkar edilərək götürülüb. Bu şəxs izahatında onlayn yolla narkotiklərin sosial şəbəkələrdə satışını həyata keçirdiyini bildirib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Vüsal Yaqubovun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilmədi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə yetkinlik yaşına çatmayan məktəblini bıçaqla hədələyərək onun mobil telefonunu quldurluq yolu ilə əlindən alan şəxs saxlanılıb. Tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini İlkin Məmmədov tutulub və  o, ifadəsində etdiyi hadisəni etiraf edib.

Qeyd edilən hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış polis baş serjantı Renat Əliyev xəstəxanaya aparılarkən həyatını itirib
23 noyabr 2021 11:22

Noyabrın 24-də saat 07.30 radələrində Gəncə şəhər Regioal Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat  Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb. Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Gəncə ŞBPİ-də araşdırma aparılır.

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
23 noyabr 2021 11:21

Noyabrın 23-də saat 11 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakinləri İ.Rəsulovun idarə etdiyi “Hyundai” və S.Əliyevanın idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuş, sonradan idarəetməni itirmiş İ.Rəsulov yolun kənarında dayanmış Elmira Məmmədəliyevanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Bərdə rayonunun Qaradağlı kəndi ərzisində yol-nəqliyyat hadisəsi
23 noyabr 2021 11:21

Noyabrın 23-də saat 18 radələrində Bərdə rayonunun Qaradağlı kəndi ərzisində Hacallı kənd sakini İ.Cəfərzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakinləri Gülnar Məmmədovanı və N.Gülməmmədovanı vurmuşdur. Nəticədə G.Məmmədova xəstəxanaya aparılarkən yolda ölmüş, N.Gülməmmədovanın vəziyyəti orta-ağırdır.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Hacıqabul şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
23 noyabr 2021 11:21

Noyabrın 23-də saat 20 radələrində Hacıqabul şəhəri ərazisində Şəmkir rayon sakini A.Bürcəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Ramin İsmayılovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Göygöl rayonunun Qızılca kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23 noyabr 2021 11:21

Noyabrın 23-də saat 19 radələrində Göygöl rayonunun Qızılca kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 40-45 yaşlı qadın vurulmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Cəbrayılov, R.Əliyev və R.Məmmədov müəyyən edilərək saxlanılmışlar
23 noyabr 2021 11:21

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə noyabrın 21-də Zirə qəsəbəsi ərazisindən qəsəbə sakini Ç.Əzimova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 3 radələrində qəsəbə ərazisində maneəyə dəymiş vəziyyətdə aşkar edilmişdir.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Cəbrayılov, R.Əliyev və R.Məmmədov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışlar.

Oğurluqda şübhəli bilinən Cəbrayıl rayon sakini A.Məmmədov saxlanılmışdır
23 noyabr 2021 11:16

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də və noyabrın 1-də Bakı şəhər sakinləri olan 2 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılmışdır.