Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

25 noyabr 2021 15:19 Narkoruryerliyə cəlb olunan 2 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində növbəti əməliyyat həyata keçirilib.

Əldə edilmiş məlumat əsasında həyata keçirilən tədbir zamanı Masallı rayon sakini Fərhad Nuroğlu və paytaxt sakini Ramin Qurbanov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan 6 qramdan artıq heroin və metamfetamin götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Qurbanovun paytaxt ərazisində yaşadığı mənzildən ümumi çəkisi 31 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən 22 kiloqramdan artıq heroin, 7 kiloqrama yaxın “patı”, “şüşə” adlanıdırılan metamfetamin və 2 kiloqram tiryək aşkar edilib.

Fərhad Nuroğlu və Ramin Qurbanovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkokuryerliyə cəlb ediliblər. Daha sonra Fərhad Nuroğlu narkotik vasitələri Yardımlı rayonu ərazisində qəbul edərək Qaradağ rayonu ərazisində tanışı Ramin Qurbanova verib. Sonuncu isə narkotikləri yaşadığı evə gətirərək orada gizlədib. Onların məqsədi əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələrin hissə-hissə Bakı şəhərində satışını təşkil etmək olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hər iki şəxs barəsində məhkəmə tərəfindən həbs qətimkan təsdbiri seçilib.

24 noyabr 2021 17:10 Hövsan qəsəbəsində qəbirstanlıqdan və evlərdən oğurluqlar edən 3 nəfər saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Hövsan qəsəbəsində yerləşən qəbirstanlıqdan dəyəri 400 manat olan qəbir daşını oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Şirməmməd Məmmədov tutulub. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Hövsan qəsəbəsində evlərdən birinin dəyəri 400 manat olan dəmir darvazasını və qəsəbə ərazisində yerləşən piyada keçidinin avadanlıqlarını oğurlayan Ağsu rayon sakini Rahim Məmmədov da saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 2 qram narkotik vasitə heroin də aşkar edilib.

İdarə əməkdaşlarının Hövsan qəsəbəsində həyata keçirdikləri digər əməliyyat zamanı isə evlərdən oğurluq edən daha bir nəfər - qəsəbə sakini Azər Əliyev saxlanılıb. Onun Hövsan qəsəbəsində iki mənzildən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Təqdim edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Şirməmməd Məmmədov, Azər Əliyev və Rahim Məmmədovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Suraxanı Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına  məlumat verə bilərlər.

24 noyabr 2021 11:22 Yasamal rayonunda sosial şəbəkələr vasitə ilə narkotik maddələrin satışını həyata keçirən və məktəbliyə qarşı quldurluq edən iki nəfər saxlanılıb

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növəti əməliyyat nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Vüsal Yaqubov saxlanılıb. Onun üzərinə baxış zamanı 170     qram heroin və 50 qram metamfetamin aşkar edilərək götürülüb. Bu şəxs izahatında onlayn yolla narkotiklərin sosial şəbəkələrdə satışını həyata keçirdiyini bildirib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Vüsal Yaqubovun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilmədi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə yetkinlik yaşına çatmayan məktəblini bıçaqla hədələyərək onun mobil telefonunu quldurluq yolu ilə əlindən alan şəxs saxlanılıb. Tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini İlkin Məmmədov tutulub və  o, ifadəsində etdiyi hadisəni etiraf edib.

Qeyd edilən hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.