Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Fəsil III. Dövlət genom qeydiyyatının aparılması


Maddə 12. Genetik məlumatlardan istifadə
 
12.0. Dövlət genom qeydiyyatının aparılması nəticəsində əldə olunan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə edilir:
12.0.1. itkin düşmüş şəxslərin axtarışı;
12.0.2. naməlum meyitə əsasən insan şəxsiyyətinin müəyyənləşdirilməsi;
12.0.3. şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi;
12.0.4. cinayətlərin və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması;
12.0.5. qohumluq əlaqələrinin qiymətləndirilməsi.

 
Maddə 13. Dövlət genom qeydiyyatının növləri
 
Bu Qanuna müvafiq olaraq məcburi və ya könüllü dövlət genom qeydiyyatı aparılır.
 

Maddə 14. Məcburi dövlət genom qeydiyyatı
 
14.1. Aşağıdakı şəxslər məcburi dövlət genom qeydiyyatından keçirilir:
14.1.1. ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər;
14.1.2. şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər;
14.1.3. xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları (bioloji valideynlər və ya övladları ilə birlikdə ər (arvad).
14.2. Naməlum meyitlər də məcburi dövlət genom qeydiyyatından keçirilməlidirlər.
14.3. Bu Qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulan şəxslərdən və naməlum meyitlərdən bioloji material müvafiq icra hakimiyyəti orqanı tərəfindən götürülür.
14.4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə olunmuş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir.
14.5. Bu Qanunun 14.4-cü maddəsinə uyğun olaraq göndərilən bioloji materialın məlumatında aşağıdakılar qeyd olunmalıdır:
14.5.1. məcburi dövlət genom qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar;
14.5.2. genom qeydiyyatının aparılmasının əsası və tarixi;
14.5.3. bioloji materialı götürmüş və məlumatı hazırlamış müvafiq icra hakimiyyəti orqanının adı.
14.6. DNT analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 

Maddə 15. Könüllü dövlət genom qeydiyyatı
 
15.1. Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər könüllü dövlət genom qeydiyyatından keçmək hüququna malikdirlər.
15.2. Şəxslərin könüllü dövlət genom qeydiyyatı onların yazılı ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
15.3. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış Azərbaycan Respublikası vətəndaşlarının, həmçinin yetkinlik yaşına çatmayanların dövlət genom qeydiyyatı onların qanuni nümayəndələrinin yazılı ərizələri əsasında aparılır. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış Azərbaycan Respublikası vətəndaşlarından, həmçinin yetkinlik yaşına çatmayanlardan bioloji materialın götürülməsi onların qanuni nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
15.4. Könüllü dövlət genom qeydiyyatı aparılarkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda rüsum tutulur.
 

Maddə 16. Genetik məlumatların saxlanılması və istifadəsinin əsas tələbləri
 
16.1. Genetik məlumatların saxlanılması və istifadə edilməsi şərtləri onların silinməməsini, itirilməməsini, təhrif olunmamasını və icazəsi olmayan şəxslər tərəfindən ələ keçirilməməsini təmin etməlidir.
16.2. Genetik məlumatların saxlanılması, uçotu, mühafizəsi və verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən, həmin məlumatlardan istifadə isə bu Qanunun 19.1-ci maddəsində nəzərdə tutulan dövlət orqanları tərəfindən bu Qanunun tələblərinə riayət etməklə həyata keçirilir.
16.3. Bu Qanunun 16.2-ci maddəsində nəzərdə tutulan dövlət orqanları xidməti konfidensiallıq rejimində genetik məlumatların mühafizəsini təmin edir, onların vəzifəli şəxsləri isə həmin məlumatların saxlanılması qaydalarını pozmağa və qeyri-qanuni istifadə edilməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
 

Maddə 17. Genetik məlumatların saxlanılması müddətləri
 
17.0. DNT Məlumat Bankında əksini tapmış genetik məlumatlar aşağıdakı müddətdə saxlanılır:
17.0.1. bu Qanunun 14.1.1-ci maddəsində göstərilən şəxslər haqqında məlumatlar onların doğum tarixindən 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək;
17.0.2. bu Qanunun 14.1.3-cü maddəsində göstərilən şəxslər haqqında məlumatlar xəbərsiz itkin düşmüş şəxsin doğum tarixindən 100 il müddətində və ya həmin şəxslər tapılanadək;
17.0.3. bu Qanunun 14.1.2-ci və 14.2-ci maddələrində göstərilən şəxslər və naməlum meyitlər haqqında məlumatlar onların şəxsiyyəti müəyyən edilənə qədər (lakin 80 ildən çox olmamaqla).
 

Maddə 18. Genetik məlumatların məhv edilməsi
 
18.1. Könüllü dövlət genom qeydiyyatının aparılması nəticəsində alınmış genetik məlumatlar onun saxlanılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin qeydiyyatı keçmiş şəxsin, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış vətəndaşlara və yetkinlik yaşına çatmayanlara münasibətdə isə onların qanuni nümayəndələrinin yazılı ərizələrinə əsasən məhv edilir. Müvafiq icra hakimiyyəti orqanı genetik məlumatları məhv edərək bu barədə 30 gündən gec olmayaraq ərizəçiyə məlumat verir.
18.2. Məcburi dövlət genom qeydiyyatının aparılması nəticəsində alınmış genetik məlumatlar bu Qanunun 17-ci maddəsində göstərilən saxlama müddətləri keçdikdən sonra məhv edilir.