Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Fəsil II. Dövlət daktiloskopik qeydiyyatının aparılması


Maddə 5. Daktiloskopik məlumatlardan istifadə
 
5.0. Dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində əldə olunan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə edilir:
5.0.1. itkin düşmüş şəxslərin axtarışı;
5.0.2. naməlum meyitə əsasən insan şəxsiyyətinin müəyyənləşdirilməsi;
5.0.3. şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi;
5.0.4. cinayətlərin və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması.
 

Maddə 6. Dövlət daktiloskopik qeydiyyatının növləri
 
Bu Qanuna müvafiq olaraq məcburi və ya könüllü dövlət daktiloskopik qeydiyyatı aparılır.
 

Maddə 7. Məcburi dövlət daktiloskopik qeydiyyatı
 
7.1. Aşağıdakı şəxslər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir:
7.1.1. ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan Respublikasının vətəndaşları (15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla);
7.1.2. müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikasının vətəndaşları;
7.1.3. sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvləri;
7.1.4. mədən və şaxtalarda, dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunan əməkdaşlar;
7.1.5. şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər;
7.1.6. cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslər;
7.1.7. müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (15 yaşı tamam olmamış uşaqlar istisna olmaqla);
7.1.8. Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Miqrasiya məcəllələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
7.1.9. Azərbaycan Respublikasında siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslər.
7.2. Naməlum meyitlər də məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər.
7.3. Məcburi dövlət daktiloskopik qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
7.4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış daktiloskopik məlumatın maddi daşıyıcılarının nüsxəsi ölkə üzrə vahid məlumat bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir.
7.5. Bu Qanunun 7.4-cü maddəsinə uyğun olaraq göndərilən nüsxədə aşağıdakılar qeyd olunmalıdır:
7.5.1. məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar;
7.5.2. dövlət daktiloskopik qeydiyyatının aparılmasının əsası və tarixi;
7.5.3. daktiloskopik məlumatı hazırlamış müvafiq icra hakimiyyəti orqanının adı.
 

Maddə 8. Könüllü dövlət daktiloskopik qeydiyyatı
 
8.1. Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər könüllü dövlət daktiloskopik qeydiyyatından keçmək hüququna malikdirlər.
8.2. Şəxslərin könüllü dövlət daktiloskopik qeydiyyatı onların yazılı ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
8.3. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış Azərbaycan Respublikası vətəndaşlarının, həmçinin yetkinlik yaşına çatmayanların dövlət daktiloskopik qeydiyyatı onların qanuni nümayəndələrinin yazılı ərizələri əsasında aparılır. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış Azərbaycan Respublikası vətəndaşlarından, həmçinin yetkinlik yaşına çatmayanlardan əl barmaq izlərinin götürülməsi onların qanuni nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
8.4. Könüllü dövlət daktiloskopik qeydiyyatı aparılarkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda rüsum tutulur.
 

Maddə 9. Daktiloskopik məlumatların saxlanılması və istifadəsinin əsas tələbləri
 
9.1. Daktiloskopik məlumatların saxlanılması və istifadə edilməsi şərtləri onların silinməməsini, itirilməməsini, təhrif olunmamasını və icazəsi olmayan şəxslər tərəfindən ələ keçirilməməsini təmin etməlidir.
9.2. Daktiloskopik məlumatların saxlanılması, uçotu, mühafizəsi və verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən, həmin məlumatlardan istifadə isə bu Qanunun 19.1-ci maddəsində nəzərdə tutulan dövlət orqanları tərəfindən bu Qanunun tələblərinə riayət etməklə həyata keçirilir.
9.3. Bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulan dövlət orqanları xidməti konfidensiallıq rejimində daktiloskopik məlumatların mühafizəsini təmin edir, onların vəzifəli şəxsləri isə həmin məlumatların saxlanılması qaydalarını pozmağa və qeyri-qanuni istifadə edilməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
 

Maddə 10. Daktiloskopik məlumatların saxlanılması müddətləri
 
10.0. Maddi daşıyıcılarda əksini tapmış daktiloskopik məlumatlar müvafiq icra hakimiyyəti orqanında aşağıdakı müddətdə saxlanılır:
10.0.1. bu Qanunun 7.1.1-7.1.4-cü və 7.1.6-7.1.9-cu maddələrində göstərilən şəxslər haqqında məlumatlar (bu Qanunun 11.2-ci maddəsində qeyd edilmiş hallar istisna olmaqla) onların doğum tarixindən 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək;
10.0.2. bu Qanunun 7.1.5-ci və 7.2-ci maddələrində göstərilən şəxslər və naməlum meyitlər haqqında məlumatlar onların şəxsiyyəti müəyyən edilənə qədər (lakin 80 ildən çox olmamaqla).
 

Maddə 11. Daktiloskopik məlumatların məhv edilməsi
 
11.1. Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində alınmış daktiloskopik məlumatlar onların saxlanılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin qeydiyyatı keçmiş şəxsin, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış vətəndaşlara və yetkinlik yaşına çatmayanlara münasibətdə isə onların qanuni nümayəndələrinin yazılı ərizələrinə əsasən məhv edilir. Müvafiq icra hakimiyyəti orqanı daktiloskopik məlumatları məhv edərək bu barədə 30 gündən gec olmayaraq ərizəçiyə məlumat verir.
11.2. Bu Qanunun 7.1.6-cı maddəsində göstərilən şəxslər haqqında daktiloskopik məlumatlar həmin şəxslər barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdən və ya məhkəmənin bəraət hökmü qanuni qüvvəyə mindikdən, habelə inzibati xətalar haqqında işlər üzrə icraata xitam verildikdən (inzibati məsuliyyətə cəlb etmə müddətlərinin başa çatması ilə əlaqədar icraata xitam verildiyi hallar istisna olmaqla) sonra 30 gündən gec olmayaraq məhv edilir.
11.3. Məcburi dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində alınmış daktiloskopik məlumatlar bu Qanunun 10-cu maddəsində göstərilən saxlama müddətləri keçdikdən sonra məhv edilir.