Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Fəsil I. Ümumi müddəalar


Fəsil I. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1.0.1. dövlət daktiloskopik qeydiyyatı - insan şəxsiyyətinin eyniləşdirilməsi üçün daktiloskopik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət;
1.0.2. daktiloskopik məlumat - insanın şəxsiyyətini müəyyən etməyə imkan verən, onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumat;
1.0.3. daktiloskopik məlumat bankı - maddi daşıyıcılarda olan daktiloskopik məlumatların sistemləşdirilmiş məcmusu;
1.0.4. dövlət genom qeydiyyatı - insan şəxsiyyətinin eyniləşdirilməsi üçün genetik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət;
1.0.5. genetik məlumat - insanın şəxsiyyətini müəyyən etməyə imkan verən dezoksiribonuklein turşusu (bundan sonra - DNT) analizinin keçirilməsi ilə əldə edilən məlumat;
1.0.6. bioloji material - aşkar olunmuş, insandan, naməlum meyitdən DNT analizinin keçirilməsi məqsədilə götürülmüş qan, tüpürcək, tük, dırnaq, dəri, tər, sperma, orqanizmin digər ifrazatları, diş, sümük və digər toxuma nümunələri;
1.0.7. genetik identifikasiya - DNT Məlumat Bankına verilmiş bioloji materialın mənsub olduğu şəxsin, habelə bədən hissələrinin mənsubluğunun müəyyənləşdirilməsi üçün aparılan sorğu-axtarış işləri üzrə tədbirlər;
1.0.8. genetik verifikasiya - verilmiş bioloji material ilə DNT Məlumat Bankında olan məlumatın müqayisəsi üzrə tədbirlər;
1.0.9. DNT profili - insan şəxsiyyətinin eyniləşdirilməsinə imkan verən, genetik identifikasiya və verifikasiya məqsədi ilə məlumat bankında toplanılan, saxlanılan, işlənilən və istifadə olunan fərdi məlumat;
1.0.10. DNT məlumat bankı - DNT profillərinin maddi daşıyıcılarda olan sistemləşdirilmiş məcmusu;
1.0.11. naməlum meyit - şəxsiyyəti müəyyənləşdirilməmiş ölü insanın bədəni (bədən hissələri).

 
Maddə 2. Dövlət daktiloskopik və genom qeydiyyatının məqsədi
 
Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılır.

 
Maddə 3. Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında qanunvericilik
 
3.1. Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
3.2. Daktiloskopik və genetik məlumatlar fərdi məlumatların tərkib hissəsi olmaqla, onların toplanılması, işlənilməsi və mühafizəsi qaydaları, həmçinin “Fərdi məlumatlar haqqında” və “Biometrik informasiya haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.
 
Maddə 4. Dövlət daktiloskopik və genom qeydiyyatının prinsipləri
 
4.1. Dövlət daktiloskopik və genom qeydiyyatı Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməklə qanunçuluq, konfidensiallıq və könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə müvafiq həyata keçirilir.
4.2. Dövlət daktiloskopik və genom qeydiyyatının aparılması, eləcə də daktiloskopik və genetik məlumatların toplanılması, işlənilməsi, istifadəsi və mühafizəsi prosesində insanın həyat və sağlamlığı üçün təhlükə yaradılmasına, onun şərəf və ləyaqətinin alçaldılmasına yol verilmir.